İshal nədir, nədən yaranır? İshalın müalicəsi
İshal nədir?
İshal çox önəmli bir sağlamlıq problemidir və əsasən də uşaqlarda ciddi xəstəliklərin xəbərdaredicisi ola bilər. Sulu nəcis ifrazı, ifrazatın miqdarında artım, ya da tez-tez defekasiya aktına çıxmaq kimi hallar ishal olaraq qəbul olunur. İshal olan insanlarda gündə 250 qramdan daha artıq nəcis ifrazı görülür və bunun ən azı 70%-ni su təşkil edir. Çox ağır ishallarda isə gündə 13-14 litrə qədər də su itkisi görülə bilər. Bir gündə 3 dəfədən çox sulu nəcis ifrazı ishal olaraq adlandırılır. Bu problem 5 yaşa qədər uşaqların ölüm səbəbləri arasındakı ikinci yerdə durur. Demək ki, ishal ciddi yanaşılması vacib olan bir haldır. Bununla birgə meydana gələn orqanizmdəki su itkisi, xüsusilə körpələrdə bolca maye qəbulu ilə kompensasiya edilməlidir. Qısa müddət ərzində keçməyən belə hallar zamanı isə mütləq qastroenteroloqa müraciət edilməlidir.
İshalın əlamətləri nələrdir?
- Sulu nəcis ifrazı
- Tez-tez böyük bayıra getmə hissi
- Çox miqdarda nəcis ifrazı
- Susuzluq
- Ürəkbulanma və qusma
- Hərarətin yüksəlməsi
- Halsızlıq
- Qarında ağrı və köp ishalın ən çox görülən əlamətləridir.
Bu əlamətləri ishalın ağırlılığına görə sıralaya bilərik. Az miqdarda maye itirdikdə insanda susuzluq hissi yaranır. Orta dərəcə maye itkisi zamanı isə ağızda quruluq, sidiyin miqdarında azalma, narahat şəkildə bir ruh halı görünür. Yüksək səviyyələrdə maye itkisi zamanı isə əlamətlər daha şiddətli şəkildə özünü göstərir.
İshal nə zaman və kimlərdə təhlükəlidir?
- Körpələr (ishal göründüyü andan sonra qidalanması pozulan, ən az iki dəfə qusan, 6-7 dəfə sulu defekasiya görüldükdə)
- Kiçik yaşlı uşaqlarda orta dərəcəli və ya şiddətli ishal
- Qanla qarışıq nəcis ifrazı
- 2 həftədən uzun çəkən bu kimi narahatlıqlar
- Qarın ağrısı, çəki itkisi ilə yanaşı gedən ishal
- Az inkişaf etmiş ölkələrə səyahət edən insanlar (Adətən bu ölkələrdə parazitlərin ətraf mühitdə olma ehtimalı daha yüksək olur).
- Xəstəxana, dayələr, reabilitasiya mərkəzlərində çalışanlar və s.
İshal nədən yaranır?
Qəbul edilən qidalarla və içilən mayelərlə gündə ortalama olaraq 9-10 l maye həzm kanalına daxil olur. Bu qədər miqdarın 2 litri qida və içkilərdən alınan sudan əldə olunursa, 1 litri tüpürcək ifrazından, 4 litrə qədəri isə öd kisəsi, mədəaltı vəz və nazik bağırsaqdakı sekresiyalarla və s. bağlıdır. Bu miqdarda mayenin əksər hissəsi nazik bağırsaqlar tərəfindən geri sorulmaqdadır. Yoğun bağırsağa keçən su miqdarı isə 1-2 litrə qədərdir. Yoğun bağırsaqlarda bu mayelərin demək olar ki, böyük bir hissəsi geriyə doğru sovrulur və gün ərzində ortalama nəcislə ifraz edilən maye miqdarı 100-200 ml-dən artıq olmur.
Yuxarıda qeyd olunan məlumatlara əsasən aydın olur ki, həzm kanalına keçən 98-99% maye nazik və yoğun bağırsaqdan geriyə sovrulur. Beləliklə, deyə bilərik ki, əgər pasiyentdə ishal əlamətləri görünürsə, biz bağırsaqların fəaliyyətinin pozulmasından, onların geri əmmə qabiliyyətinin zəifləməsindən şübhələnməliyik.
İshalın müalicəsi necə aparılır?
İshalın müalicəsi zamanı ən vacib amil itirilən maye və duzların miqdarının bərpa olunması və mümkün olduqda onların ağız yolu ilə kompensasiya edilməsidir. Həmçinin düzgün qidalanmalı və vaxt itirmədən həkimə müraciət edilməlidir.
Həkim müayinəsindən sonra ishalı yaradan səbəbləri aydınlaşdıran xəstəliyi aşkarlamaq üçün bəzi testlərdən keçə bilərsiniz. Bunlar:
- Nəcisdə bakteriya və parazitin aşkarlanması
- Bəzi laborator qan testləri
- Aclıq testi
- Bağırsaqların bir qismini birbaşa gözlə müşahidə etmək üçün kolonoskopiya müayinəsi məsləhət görülə bilər.