skip to Main Content

Qastrit nədir, əlamətləri, diaqnostikası və müalicəsi

Qastrit Nədir, əlamətləri, Diaqnostikası Və Müalicəsi

Mədə, qəbul edilən qidaların müvəqqəti depolandıqdan sonra kiçik parçalara ayrılaraq həzm olunduğu J hərfi şəklində və kisəyə bənzər bir orqandır. Qəbul edilən qidalar mədədə müəyyən qədər həzm prosesinə məruz qaldıqdan sonra nazik bağırsağa doğru ötürülür. Lakin müxtəlif səbəblərdən mədədə baş verən iltihabi proseslər nəticəsində insanda müəyyən şikayətlər ortaya çıxa bilir və həzm prosesi pozulur.

Qastrit nədir?

Qastrit mədənin selikli qişasının iltihabına, selikli və submukoz qişalarının struktur dəyişikliklərinə (degenerasiya, atrofiya), mədənin funksiyalarının pozulması ilə müşayiət edilən xəstəliyə verilən addır. Qastrit əhali arasında çox geniş yayılmış xəstəliklərdən biridir. Onun rast gəlinməsi ümumi populyasiyada 50%-dən çox, mədə xəstəlikləri sırasında isə demək olar ki, 80%-dir.

Qastrit nədən yaranır?

Etiologiyasına görə xarici və daxili faktorların təsirindən yarana bilir. Xarici amillərə qidalanma rejimi, qidanın keyfiyyəti və həmçinin peşə amilləri aiddir. Daxili faktolardan isə maddələr mübadiləsi pozulmaları əsas rol oynayır.

Hazırda qastritin A (autoimmun), B (bakterial) və C (kimyəvi) formalarını təsnif edirlər. A tipli xroniki qastritdə mədənin selikli qişasında yerləşən müxtəlif hüceyrələrə qarşı autoantitellərin, B tipli qastritdə helikobakteriyaların, C tipli qastritdə isə kimyəvi maddələrin və o cümlədən, dərmanların etioloji rolu qeyd edilməkdədir. Burada əsas yeri iltihab əleyhinə preparatlar (QSİƏM) tuturlar. Bir sözlə, qastrit polietioloji xəstəlikdir.

Qastritin elametleri / Qastrit

Qastritin əlamətləri hansılardır?

Xroniki qastrit tədricən inkişaf edir və getdikcə proqressivləşir. Onun gedişində kəskinləşmə və remissiya dövrləri ayırd olunur. Xəstələr, adətən ağrıdan və dispeptik hallardan şikayət edirlər: qarının üst nahiyəsində göynəmə, yeməkdən sonra ağırlıq hissi və ağrı, gəyirmə, qıcqırma, qəbizlik və s. əlamətlər müşahidə olunur.

Eroziv qastritdə isə əlavə olaraq, mədə qanaxmalarına da rast gəlinir. Yanaşı olaraq qaraciyər, öd kisəsi, ödçıxarıcı yollar, mədəaltı vəzi, bağırsaq tərəfindən funksional pozulmalar meydana çıxır. Bəzi hallarda əlavə sinir-psixi disbalans (asteniya, nevroz), anemiya, qida allergiyası da inkişaf edir.

Xroniki qastritin hipersekretor forması (mədə sekresiyasının artması) zamanı turşuluq artır və qıcqırma, turş gəyirmə, qarınüstü nahiyədə göynəmə, qəbizlik, bəzən isə xoraya oxşar ağrılarla özünü biruzə verir. Xəstələr bu zaman qələvi məhlulların (çay sodası, qələvi mineral sular) qəbulu ilə yüngüllük yaranmasını qeyd edirlər. Mədənin zondlanması ümumi mədə şirəsinin və turşuluğun artmasını, qastroskopiya eroziyaları, rentgenoloji müayinə isə hipertrofik qastritin, bəzən pilorospazmın olmasını aşkara çıxarır. Belə qastrit xoraönü hal sayılır.

Diaqnoz necə qoyulur?

Xəstəliyin diaqnostikası klinik (anamnez, şikayətlər, obyektiv müayinə), laborator və instrumental müayinələrin nəticələrinə əsaslanır. Rentgenoloji müayinə, fibroqastroskopiya, mədə möhtəviyyatının laborator və mikrobioloji tədqiqatı (helikobakter) diaqnozun dürüst müəyyən olunmasına imkan verir.

Qastritin müalicəsi

Qastritin müalicəsi kompleks və selektiv xarakter daşımalıdır. Xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə göstərişdir. Birinci növbədə həyat, iş və istirahət tərzini, qidalanma rejimini qaydaya salmaq vacibdir. Xəstələrə turşuluğu azaldacaq dərmanlar, vitaminlər, müalicəvi mədən suları və həmçinin sanatoriya müalicəsi təyin edilir (Mərdəkan, Qalaaltı, Masallı, Essentuki).

Qastrit barədə Qastroenteroloq Dr. Ülvi İbrahimovun video reportajından da daha ətraflı məlumat ala bilərsiniz.

 

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32