skip to Main Content

Qəbizlik nədir və müalicəsi necə aparılır?

Qəbizlik Nədir Və Müalicəsi Necə Aparılır?

Qəbizlik nədir?

Qəbizlik bağırsaq hərəkətliliyinin azalması və defekasiya aktının çətinləşməsinə verilən addır. Bu hal insanlar arasında çox geniş yayılmış bir həzm sistemi problemidir. Müasir dövrün yaşam şərtlərinin gətirdiyi stres, hərəkətsizlik və yaxşı qidalanmamaq kimi faktorlar qəbizliyin əhali arasında geniş yayılmasına səbəb olmaqdadır. Qəbizlik ayrıca bir xəstəlik olmayıb, hər hansısa bir xəstəliyin əlaməti və ya bir halın nəticəsidir. Çox insan tərəfindən dilə gətirilməsə də, belə şikayətlər yaşam keyfiyyətinə ciddi surətdə təsir etməkdədirlər.

Bağırsağın hərəkətliliyi hər bir insanda fizioloji xüsusiyyətlərə görə fərqli ola bilir. Lakin ümumi götürdükdə, həftədə 3 dəfədən az defekasiya (nəcis ifrazı) olduğu zaman və nəcisin sərt və quru olduğu zamanlar qəbizlik var deməkdir.

Bu şikayətlər adətən keçici bir haldır. Bəzi insanlar yaşam tərzlərini dəyişməklə (idmanla məşğul olmaqla, bol su içməklə, lifli qidalarla qidalanmaqla) bu şikayətlərdən qurtula bilirlər. Eyni zamanda defekasiyanı asanlaşdıran bir sıra dərmanlar da fayda verməkdədir.

Qəbizliyin əlamətləi / Qebizliyin elametleri

Qəbizliyin əlamətləri

  • Həftədə 3 dəfədən az defekasiya aktına çıxmaq
  • Nəcisdə sərtlik
  • Defekasiya zamanı hədsiz çətinlik çəkmək
  • Rektal tıxanıqlıq hiss etmək
  • Tualetə çıxdığınızda belə ehtiyacınızı tam ödəmədiyinizi hiss etmək
  • Əl yardımı ilə defekasiya aktını asanlaşdırmağa çalışmaq

Həkimə nə zaman getmək lazımdır?

Bu çox cansıxıcı bir problem olsa da, ciddi bir problem sayılmır. Qəbizlikdən şikayətçi olan insanların bir qismi həkimə getmədən belə sağala bilirlər. Lakin xroniki qəbizlik kimi hallar olduqda mütləq buna diqqət edilməli və həkimə müraciət edilməlidir. Xroniki qəbizlik hər hansı bir ciddi xəstəliyin xəbərvericisi ola bilər.

Həyat tərzinizi dəyişsəniz belə, aşağıdakı əlamətləriniz varsa, mütləq həkim müayinəsində olmalısınız:

  • Görülən tədbirlərə rəğmən hələ də həftədə 3 dəfədən az defekasiya aktı
  • Nəcisdə qan
  • Qəbizlik və ishalın bir-birini əvəzlədiyi hallar
  • Rektal ağrı
  • Qələm nazikliyində nəcis
  • Səbəbi məlum olmayan çəki itkisi və s.

Qəbizliyin müalicəsi / Qebizliyin mualicesi

Qəbizlik nədən yaranır?

Qəbizliyin yaranma səbəbi çox zaman dəqiq bilinməz. Lakin qəbizlik, bağırsaqdakı atqıların və nəcis kütləsinin həzm sistemindən çox yavaş keçməsi halıdır. Bu isə nəcis kütləsinin sərtləşməsinə və qurumasına səbəb olur. Normalda belə atqılar bağırsaqların hərəkətliliyi ilə həzm sistemi boyunca irəliləyər. Lakin az su içdikdə, lifi qidalardan istifadə etmədikdə bağırsaqlarda hərəkətlilik zəifləyir. Belə olduqda isə nəcis sərtləşir və quruyur. Bu hal idə qəbizliyə səbəb olur.

  • Bağırsaqların hərəkətliliyini yavaşladan bəzi metabolik və həzm sistemi xəstəlikləri
  • Kron və diverkulit kimi iltihabla gedən bağırsaq xəstəlikləri
  • Bağırsaqlarda tıxanıqlılığa səbəb olan poliplər
  • Hormonal balansın pozulması
  • Bir çox dərmanlar və s. qəbizliyin yaranması üçün risk faktoru sayılırlar. Hamilələlik zamanı da qəbizlik görülməkdədir. Bunun da səbəbi yenə qeyd etdiyimiz kimi hormonal balansda baş verən dəyişikliklər və böyüyən uşaqlığın bağırsağa göstərdiyi təsirlərlə əlaqədardır.

Qəbizliyin müalicəsi necə aparılır?

Qəbizliyin müalicəsi insandan insana dəyişir. Əgər yuxarıda qeyd olunan əlamətlər xroniki bir hal almışdırsa, mütləq bir qastroenteroloq müayinəsindən keçməlisiniz. Bu zaman həkiminiz bu kimi şikayətlərə səbəb olan xəstəliyi aşkarlayacaq və müalicəni o istiqamətdə aparacaqdır. Qəbizlik şikayəti olan pasiyentlərə isə aşağıdakı profilaktik məsləhətləri verə bilərik:

  • Yaşam tərzində dəyişiklik etmək (Keyfiyyətli qidalardan istifadə etmək, hərəkətsizlikdən qurtulmaq və s.)
  • Yüksək lifli qidalardan istifadə etmək və bol su içmək
  • Düzənli bir şəkildə idmanla məşğul olmaq
  • Defekasiyanı rahatlaşdıran dərmanlardan istifadə etmək (Bunu yalnız həkiminizin məsləhəti ilə etməlisiniz, çünki bu kimi dərmanlar zamanla asılılıq yarada bilirlər) və s.
qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32