skip to Main Content

Qıcıqlanmış bağırsaq sindromu

Qıcıqlanmış Bağırsaq Sindromu

Qıcıqlanmış bağırsaq sindromu nəcis ifrazından, başqa sözlə defekasiyadan sonra qarında keçib gedən ağrı və ya diskomfortla təzahür edən funksional pozuntuların birgə cəminə verilən addır. Bu zaman pasiyentlərdə nəcisin tezliyinin və konsistensiyasının dəyişilməsi müşahidə edilir. Bu formada olan bağırsaq funksiyası pozulması zamanı aşağıda göstərilmiş simptomlardan ən azı ikisi davamlı şəkildə müşahidə olunmalıdır. Bunlar:

  • nəcis ifrazının tezliyinin dəyişməsi,
  • defekasiya aktının özündə baş verən müəyyən dəyişikliklər,
  • nəcisin konsistensiyasında müşahidə olunan dəyişikliklər,
  • nəcisin seliklə birgə ifrazı,
  • köp və ya meteorizm

Qıcıqlanmış bağırsaq sindromunu təsdiqləmək üçün yuxarıda göstərilmiş hallar son 12 ay ərzində 12 həftədən az olmayaraq davam etməlidir. Defekasiya aktının pozuntuları arasında yalançı tualet ehtiyacına, bağırsağın tam boşalmaması hissinə, defekasiyada əlavə gücənməyə böyük əhəmiyyət verilir. Bu patoloji proses ilk olaraq yoğun bağırsaqdan başlayaraq davam etməkdədir.

Xəstəlik vətəndaşlarımız arasında geniş yayılmışdır. Statistik nəticələrə əsasən dünya əhalisinin 15%-dən 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir və qadınlarda kişilərə nisbətən 2-4 dəfə çox bu xəstəlik rast gəlinir.

Qıcıqlanmış bağırsaq sindromu nədən yaranır?

Bağırsaq funksiyasının pozğunluğuna gətirib çıxaran başlanğıc nöqtəni tapmaq həmişə mümkün olmur.

  • Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isteriya, aqressiv reaksiyalar, depressiya, asılılıq, kanserofobiya, ipoxondrik təzahürlər xarakterik olur.
  • Bağırsaq funksiyasının tənzim olunmasında iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinal polipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması da əhəmiyyətli rol oynayır.
  • Qıcıqlanmış bağırsaq sindromunun irəliləməsində rejim və qidalanmanın xarakteri də müəyyən qədər rol oynayır. Belə ki, qeyri-müntəzəm formada qidalanma, qida rasionunda rafinə olunmuş məhsulların üstünlük təşkil etməsi bağırsağın motor-evakuator funksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına gətirib çıxarır.
  • Xəstəliyin inkişafında keçirilmiş kəskin bağırsaq infeksiyaları da əhəmiyyətli roy oynaya bilir.

Motorikanın pozğunluqları həm hiper-, həm də hipodinamik tipdə olur, bəzən də növbələşə bilər. Sekretor funksiyanın pozulması suyun və elektrolitlərin bağırsaq mənfəzinə artmış sekresiyası ilə təzahür edir ki, bu da bioloji aktiv maddələrin və bakterial toksinlərin təsiri ilə şərtlənir.

qıcıqlanmis bagirsaq sindromu nedir

Qıcıqlanmış bağırsaq sindromu zamanı hansı əlamətlər görülür?

Bu zaman adətən xəstələrin ümumi vəziyyəti yaxşı olur və çoxsaylı şikayətlərə uyğun gəlmir.

  • Qarında ağrılar müxtəlif xarakterli: küt, təzyiqedici, gərilmədən tutmuş dözülməz tutmaşəkilliyə qədər ola bilər. Ağrılar adətən qarının yan və ya aşağı şöbələrində, döş qəfəsinin uyğun yarısına irradasiya ilə sol və sağ qabırğaaltına lokalizasiya edir. Ağrının əmələ gəlməsi qida qəbulu, stres, fiziki gərginliklə bağlıdır. Ağrı sindromunun xüsusiyyəti ağrının səhər və ya gündüz saatlarında (xəstələrin aktiv vaxtında) əmələ gəlməsi, yuxu və istirahət zamanı isə sakitləşməsi hesab olunur.
  • Defekasiyanın pozğunluqları həm diareya, həm qəbizlik, həmçinin də bütün simptomların növbələşməsi kimi də təzahür edə bilər. Qəbizlikdən başqa bu xəstələr üçün fraqmentləşmiş “qoyun” nəcisinin olması da xarakterikdir. Defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalmaması hissi ilə hətta hər gün defekasiya ola bilər. Diareyada nəcis ifrazının tezliyi az miqdar nəcis xaric olmaqla gündə 3-5 dəfə təşkil edir.
  • Meteorizm və qarının köpməsi, disbakterioz nəticəsində bağırsaqda qıcqırma və çürümə proseslərinin artması ilə əlaqədardır.

Əllə müayinədə çənbər bağırsağın bütün şöbələrinin ağrılı, spazmlaşmış olması, siqmaya bənzər bağırsağın bərkiməsi və kor bağırsağın şişməsi aşkar edilir.

Laborator və instrumental müayinələr

Qanın ümumi analizi, biokimyəvi göstəricilər norma daxilindədir. Nəcisin müayinəsində disbakterioz əlamətləri aşkar oluna bilər. Rentgenoloji müayinə (irriqoskopiya) zamanı diskineziyanın tipik əlamətləri: qeyri-bərabər dolma və boşalma, spastik yığılmış və genişlənmiş sahələrin növbələşməsi və bağırsaq mənfəzinə həddən çox sekresiya aşka edilir. Endsokopik müayinə (kolonoskopiya, biopsiya) vacibdir. Belə ki, yalnız bağırsağın selikli qişasından götürülmüş bioptatların morfoloji müayinəsi qıcıqlanmış bağırsaq sindromunu bağırsağın iltihabı zədələnməsindən fərqləndirməyə imkan verir.

Qıcıqlanmış bağırsaq sindromunun müalicəsi

Bəzi məhsulların istisna edilməsi ilə pəhriz təyin edilir. Ən çox süd, qazlı içkilər, heyvani yağlar, kələm, paxlalılar, alkoqol məhdudlaşdırılmalıdır. Qəbizliyi olan xəstələrə rafinə olunmamış məhsullar, tərəvəzlər və meyvələr, dəniz kələmi, kəpəkli çörək məsləhət görürlər. Bunlar bağırsaq möhtəviyyatının həcmini artırır  və bağırsaqdaxili təzyiqin normallaşmasına və yoğun bağırsaq boyu passaja səbəb olur. Qəbul edilən mayenin sutkalıq həcmi ən az 1,5-2 l olmalıdır. Gündə 1-3 dəfə yeməkdən qabaq 15-30 ml laktuloza qəbulu ən yaxşı nəticə verir. Lakin dəqiq müayinə və müalicə üçün mütləq qastroenteroloqa müraciət edilməlidir.

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32