skip to Main Content

Hepatit B nədir, əlamətləri və müalicəsi necə aparılır?

Hepatit B Nədir, əlamətləri Və Müalicəsi Necə Aparılır?

Hepatit B nədir?

Hepatit B qaraciyərdə iltihablaşmaya səbəb olan və eyni adlı virusun yaratdığı viral bir xəstəlikdir. Hepatit B virusu qan yoluyla və ya cinsi yolla keçən və uzunmüddət heç bir əlamət göstərməyən xəstəliklərdəndir. Lakin virus orqanizmə daxil olduqdan sonra insanın immun sistemi qüvvətli olarsa, xəstəliyə yoluxmama ehtimalı da ola bilir.

Qaraciyərdə xəstəliklər yaradan çox sayda viruslar vardır. Bunlar Hepatit A, B, C, D və E-dir. Bunların hər biri fərqli forma viruslardır və bunlar həyatda qalmaq üçün orqanizmin öz hüceyrələrinə nəzarət etməyə və onları zədələməyə ehtiyacı vardır. Hepatit B də qanla dolaşan bir virusdur və qaraciyərə təsir göstərir.

Dünyada 400 milyondan çox insan bu virusu daşımaqdadır. Belə pasiyentlər müalicə almadıqda isə sirroz və ya qaraciyər xərçənginin yaranma riski ilə üz-üzə qala bilirlər. Aparılan araşdırılmalar da bizə göstərir ki, Hepatit B-li xəstələrin 4-də 1-i sirroz, qaraciyər çatışmazlığı və xərçəngi kimi xəstəliklərlə əlaqədar olaraq həyatını itirirlər. Lakin təbii ki düzgün və vaxtında müalicə tədbirləri görüldükdə bu risk olduqca aşağıdır.

Hepatit B müəyyən profilaktik tədbirlər görülməklə qarşısı alınacaq bir xəstəlikdir. Burada ilk olaraq, ən önəmli nüans isə xəstəliyə qarşı vaksindir.

Hepatit B necə yoluxur?

Xəstəlik qan və cinsi yolla keçə bilməkdədir. Qan köçürmə, qorunmasız cinsi əlaqə, damardaxili dərmanlardan istifadə edənlərin ortaq iynədən istifadəsi və ya anadan körpəyə doğuş zamanı xəstəlik keçə bilər. Qan və cinsi yolla yoluxma faizi adətən dializə gedən insanlarda, qan xəstəlikləri səbəbindən tez-tez qan materialları istifadə edənlərdə, lazımi steril şəraitin yaradılmağı cərrahi və tatu mərkəzlərində, çoxsaylı cinsi partnyoru olan və qorunmasız münasibət yaşayan insanlarda daha böyükdür. Bununla belə ortaq ülgüc, diş fırçası kimi əşyalar da yoxulmada rol oynaya bilirlər.

Xəstəlik hansı yollarla keçici deyildir?

Hepatit B-li insanlarla eyni boşqabdan yemək yeməklə, onun yediyi yeməyi və ya içdiyi sudan içməklə, ananın uşağı əmzirməsi ilə, sarılmaq, öpüşmək, əllə görüşmək, öskürməklə, onunla ortaq tualeti paylaşmaqla, eyni hovuza girməklə xəstəlik yoluxmaz.

Hepatit B-yə yoxulma riski HİV-dən 100 dəfə daha çoxdur.

Bu virus xarici mühitdə 1 həftəyə qədər canlılığını qoruya bilməkdədir və Hepatit C-dən 10, HİV-dən 100 dəfə daha yoluxucu olması müəyyən olunmuşdur. Bununla belə, Hepatit B-li anadan olan uşaqlarda bu risk daha da yüksəkdir. Bu səbəbdən uşaqlar doğulduğu andan etibarən, yetkin yaşlı insanlar isə yoluxma riski yüksək olan bir işdə işləyirlərsə, mütləq vaksin vurdurmalıdırlar. Vaksinin mütləq vurdurulma yaşı yoxdur və istənilən vaxt tətbiq edilə bilər.

Hepatit B-nin əlamətləri nələrdir?

Bu virus qaraciyərdə zədələnmələr yaratmaqdadır. Belə zədələnmələr də adətən heç bir əlamət göstərməyə bilir və sonradan pasiyentlərdə birbaşa qaraciyər sirrozu və ya qaraciyər xərçəngi diaqnozu qoyula bilir. Ümumi ortaq əlamətlər isə aşağıdakılardır:

  • Halsızlıq
  • Yorğunluq və gücsüzlük
  • İştahsızlıq
  • Gözdə və dəridə saralma
  • Çəki itkisi
  • Qaraciyər nahiyəsində ağrı (sağ əlinizi qabırğalarınızın sağ aşağı tərəfində yerləşdirdiyinizdə qaraciyərin yumşaq, ya da genişlənmiş olduğunu hiss edə bilərsiniz)
  • Qaşınma
  • Ovucda qırmızı ləkələr
  • Tünd rəngli sidik ifrazı və açıq nəcis
  • Qarında şişkinlik
  • Ayaqlarda ödem
  • Qanaxmaların çətin saxlanılması
  • Ürəkbulanma
  • Qanlı qusma və s.

Ortalama olaraq, əlamətlər virusun orqanizmə daxil olduğu andan etibarən 90 gün sonra görülməyə başlaya bilər. Lakin bu müddət 6 həftə ilə 6 ay arasında da dəyişə bilər.

Hepatit B qaraciyərdə hansı dəyişikliklərə səbəb olur?

Bu viruslar qaraciyər hüceyrələrində çoxalırlar, lakin onlar özü birbaşa olaraq qaraciyərdə zədələnməyə səbəb olmaz. Əksinə virusun mövcudluğu onu məhv etmək üçün immun sistemini oyandırar. Lakin belə bir immun cavab reaksiyası virusa qarşı yönəldiyi zaman qaraciyərin iltihablanmasına və qaraciyər hüceyrələrinin ciddi şəkildə zədələnməsinə səbəb olur. Belə qaraciyər hüceyrələri zədələndikdə isə normal işləyə bilmir və ölürlər. Zaman keçdikcə bu cür zədələnmələr isə sirroz ilə nəticələnir.

Xəstəlik aşkar olunubsa, nə etməliyəm?

Hepatit B virusu ilə bağlı analiz nəticələriniz 6 aydan çox bir müddət ərzində müsbət olmaqda davam edərsə, bu xroniki xəstəliyin olduğunuzu göstərir. Bir hepatoloq və ya qastroenteroloq qəbulunda olmalısınız. Həkiminiz virusun orqanizminizdə nə qədər aktiv olması və qaraciyərin sağlıq vəziyyətinin hansı səviyyədə olduğunu müəyyən etmək üçün sizə bəzi qan analizləri və qaraciyərin ultrasəs müayinəsini təyin edəcəkdir. Bununla belə, həkimin təyin etdiyi müalicənin effektivliyini və sonradan xəstəliyin aktivlik dərəcəsini müəyyən etmək üçün ildə 1, ya da 2 dəfə həkim müayinəsində olmağınız da məsləhətdir.

Xroniki Hepatit B-si olan insanlar düzgün müalicə olunarsa və sağlamlıqlarına laqeyd yanaşmazlarsa, uzun və sağlıqlı bir həyat tərzi sürərlər. Lakin artıq sizə belə bir diaqnoz qoyulubsa, virus qan və qaraciyərinizdə ömür boyu qala bilər. Özünüzü xəstə hiss etməsəniz belə, virusu digər insanlara yoluxdura biləcəyinizi heç zaman unutmamalısınız. Bu səbəbdən evdəki bütün yaxınlarınızın və həyat yoldaşınızın Hepatit B-yə qarşı vaksin vurdurması olduqca önəmlidir.

Hepatit B-nin müalicəsi necə aparılır?

Hepatit B-nin müalicəsi mümkündür. Lakin bu vaxtında və düzgün müalicə taktikası seçildiyi halda mümkün olur. Qaraciyər sirrozu və ya qaraciyər xərçəngi ilə ağırlaşmalar baş veribsə, həkiminiz tərəfindən digər taktikalar seçilməlidir. Müalicə ilə bağlı mütləq hepatoloq həkimin qəbulunda olmalısınız.

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32