skip to Main Content

Hepatit A nədir, əlamətləri və müalicəsi

Hepatit A Nədir, əlamətləri Və Müalicəsi

Hepatit A nədir?

Hepatit A əsasən məktəblərin açılması ilə birgə adını daha çox eşitdiyimiz və digər infeksion xəstəliklərdə olduğu kimi profilaktika üçün gigiyenik normalara mütləq şəkildə riayət etməli olduğumuz bir xəstəlikdir. Bu xəstəlik qaraciyərin yayılmış iltihabına verilən addır. Hepatitin bir çox forması olsa da, bunlardan ən geniş yayılanları hepatit A, BC formalarıdır.

Hepatit A, virusların yaratdığı bir qaraciyər iltihabıdır. İnsana çirkli su və qidalardan istifadə ilə yoluxan bu xəstəlik, əsasən yaşayış səviyyəsinin daha aşağı olduğu yerlərdə rast gəlinməkdədir. Xəstəlik adətən öz-özünə sağala bilir və qaraciyərdə hər hansı bir zədələnmə yaratmır. Həmçinin, bir dəfə keçirildiyi zaman yenidən yoluxma ehtimalı da aşağıdır.

Hepatit A necə yoluxur?

Hepatit A virusu daşıyan nəcislə çirklənmiş su və qida maddələrinin (meyvə və tərəvəz) ağızdan alınması ilə yoluxma baş verir. Bu viruslar əllərdə saatlarla qala bildikləri üçün yoluxmada əllərin rolu olduqca böyükdür. Məktəblərdə partalar, qapı dəstəkləri, ayaqyolu kranlarında bu virus görülə bilir və beləliklə əl ilə ağızdan yoluxma daha asanlaşır və bu cür yoluxma əhali arasında olduqca geniş yayılmışdır. Bu səbəbdən də ictimai yerlərdə (məktəb, iş yeri, xəstəxana kimi ortamlarda) gigiyenik normalara riayət edilmədikdə Hepatit A-ya yoluxma riski daha da yüksəlir. Həmçinin təmas ilə də yoluxa bilinən bu xəstəliyin cinsi yolla keçmə riski isə olduqca aşağıdır.

Hepatit A-nın əlamətləri nələrdir?

Hepatit keçirən insanlarda heç bir əlamət görülməyə bilər. Uşaqların böyük bir qismində və yetkin insanlarda sarılığa rast gəlinməyə bilir və ya bu, çox az hiss olunur. Bu səbəbdən aşağı yaşlarda xəstəlik diaqnoz qoyulmadan belə keçib gedə bilir. Əlavə olaraq qeyd edə bilərik ki, uşaqlarda əlamətlər daha yüngül və qısa çəkməkdədir. Bəzən hərarət, oynaq ağrıları, qrip bənzəri əlamətlər də görülür. Lakin tez-tez rast gəlinən əlamətlər aşağıdakılardır:

  • Halsızlıq
  • İştahsızlıq
  • Qarında ağrı
  • Ürəkbulanma
  • Dəri və gözdə saralma
  • Sidiyin rənginin tündləşməsi və s.

Diaqnoz necə qoyulur?

Virus hepatitlərində diaqnoz laborator qan analizləri ilə qoyulur. Bu səbəbdən hepatit şübhəsi olduğu zaman vaxt itirmədən mütləq hepatoloq həkimə müraciət edilməlidir. Analizlər ilə xəstəliyin diaqnozu dəqiqləşdiriləcək və xəstəliyin hansı mərhələdə olduğu aydınlaşdırılacaqdır. Eyni zamanda qanda dövr edən virusun miqdarı və xəstəliyin bundan sonrakı müalicəsi haqqında da müəyyən məlumatlar alınacaqdır.

Hepatit A-nın müalicəsi

Yeni başlanmış kəskin mərhələdə yataq rejimi və evdə istirahət ilə xəstəyə nəzarət edilməlidir. Ürəkbulanma və qusma səbəbi ilə qidalanmada problem yaşayan pasiyentlərə infuzion terapiya təyin edilir. Həmçinin, bu mərhələdə xəstəyə rahat həzm olunan qidalar verilməlidir. Qida rejimində az yağlı yeməklərdən istifadə məsləhət görülür. Üzüm, doşab, bal kimi qlükoza ilə zəngin qidaların qida rejimində yer alması məsləhətdir. Bu mərhələdə istirahət mütləq önəm daşıyır. İltihablanmanı artırıb pasiyentin vəziyyətini pisləşdirəcək olan çox yağlı, qatqı maddəsi təşkil edən qidalar məhdudlaşdırılmalı və mütləq şəkildə alkoqol istifadəsi qadağan edilməlidir. Xəstəliyin kəskin mərhələsində 4-6 həftə müddətində yaxşılaşma qeyd olunur.

Hepatit A-dan qorunma

Hepatit A virusundan necə qoruna bilərik?

Vaksin: Hepatit A-ya qarşı uşaq vaxtından vaksinlər vurulmalıdır. Vaksin vurulmamış, ya da hepatit keçirilməmişdirsə, daha yuxarı yaşlarda xəstəliyin əlaməti özünü daha kəskin şəkildə büruzə verdiyi üçün mütləq qan testləri edilməli və qısa zamanda vaksin vurulmalıdır.

Gigiyenik normalar: Gigiyenik qaydalara riayət edilməli və əl yuma vərdişi formalaşdırılmalıdır. Öpüşmək, sarılmaq, yeməklərin paylaşılmasından mümkün qədər uzaq durulmalıdır.

Sağlıqlı qidalanma: Kənar restoranlarda bişmiş və isti şəkildə servis edilən qidalar, yaxşı bişmiş yumurta, təmiz suda yuyulmuş, ya da qəşəng soyulmuş meyə və tərəvəzlər, pasterizə edilmiş süd məhsullarından istifadə məsləhət görülür. Otaq temperaturunda servis edilən yeməklər, küçələrdə satılan ayaqüstü qidalar, az bişmiş yumurta, ət, balıqlardan istifadə, düzgün yuyulmamış və soyulmamış meyvə və tərəvəzlər hepatit A üçün risk faktorlarıdır.

Sağlıqlı içkilərdən istifadə etmək: Hazır şüşələrdə satılan, dezinfeksiya edilmiş (qaynadılmış, filtrə edilmiş) sulardan, isti qəhvə, çay və pasterizə edilmiş süddən istifadə məsləhət görülür. Kran suları, pasterizə edilməmiş süd isə mütləq şəkildə məhdudlaşdırılmalıdır.

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32