Qaraciyər piylənməsi – Hepatosteatoz nədir?
Qaraciyər piylənməsi və ya hepatosteatoz qaraciyərdə yağın toplanmasına verilən addır. Əslində qaraciyərdə az miqdarda yağın görülməsi normal haldır, lakin belə vəziyyət gələcəkdə ciddi sağlamlıq problemlərinin yaranmasına gətirib çıxara bilər.
Qaraciyər orqanizmimizin ikinci ən böyük orqanıdır. Yediyimiz və içdiyimiz hər bir yeməyi və zərərli maddələri qandan süzmək də daxil olmaqla, bir çox vacib funskiyaları vardır. Qaraciyərin hədsiz miqdarda yağlanması isə uzun müddətli bir prosesin xəbərçisidir.
Qaraciyər hüceyrələrinin 5%-də yağların aşkarlanması artıq qaraciyər yağlanması deməkdir. Bu adətən mikroskop altında qaraciyərdən götürülmüş kiçik nümunələrə baxaraq təyin edilir. USM, Kompyuter tomoqrafiya (KT) və MRT müayinələrində də qaraciyər piylənməsi təyin edilə bilər.
Qaraciyər zədələndikdə yeni qaraciyər hüceyrələri yaranaraq regenerasiya, yəni öz-özünü bərpa etmə prosesinə başlanılır. Lakin təkrari zədələnmələr baş verərsə, artıq bu kimi hallar qalıcı formaya keçirlər. Bu kimi hallara sirroz deyilir. Zəif şəkildə özünü büruzə verən qaraciyər yağlanması qida rejimində müəyyən dəyişikliklər etməklə, pəhrizə riayət etməklə və aktiv həyat tərzinə keçməklə yaxşılaşma göstərən bir vəziyyətdir.
Qaraciyər yağlanmasının əlamətləri
Çox hallarda pasiyentlər bu baxımdan heç nədən şikayət etməzlər. Bununla belə, qaraciyər yağlanması və iltihabı olan xəstələrin təxminən 20%-də ciddi narahatlıqlar verən əlamətlərin aşkarlanması müşahidə olunmuşdur. Xəstələr yorğunluq və qarın ağrısı hiss edə bilirlər. Müayinələr zamanı isə qaraciyərin bir qədər böyüməsi də aşkarlana bilir.
Qaraciyərdə piylənmənin iltihaba səbəb olması haqqında alimlər müəyyən fikirlər irəli sürməkdədirlər. Əgər iltihab əlaməti varsa, pasiyentlərdə aşağıdakı şikayətlər görülə bilər:
- İştahsızlıq
- Çəki itkisi
- Qarın ağrısı
- Halsızlıq, yorğunluq
- Unutqanlıq və s.
Daha irəli mərhələlər olan sirroz və qaraciyər çatışmazlığı zamanı isə aşağıdakı qeyd olunmuş əlamətlər seyr edilə bilər:
- Genişlənmiş, maye ilə dolu qarın
- Üz və gözlərdə sarılıq
- Yaddaş problemləri
- Anormal qanaxmalar
Qaraciyərda yağlanma nədən olur?
Qaraciyər piylənməsinin ən yayılmış səbəbi hədsiz alkoqol qəbuludur. Çox miqdar alkoqol qəbul etməyən insanlarda qaraciyər piylənməsi də daha az görülür. Bununla belə, hədsiz köklük, şəkərli məhsullardan çox istifadə, şəkərli diabet, oturaq həyat tərzi, bəzi dərman maddələri və genetik səbəblərdən də belə hallar baş verə bilir. Qaraciyər piylənməsi orqanizmin çox miqdarda yağ yaratması və ya yağların lazımi qədər metobolizmə məruz qalmaması ilə əmələ gəlir.
Qaraciyər piylənməsi necə müalicə olunur?
Yağlı qaraciyəri müalicə etməyə yardım edən müxtəlif dərman maddələrinin hazırlanması istiqamətində tibbdə daim yeni araşdırmalar aparılır. Müalicənin ilkin məqsədi risk faktorlarına diqqətlə yanaşaraq, onlardan mümkün qədər uzaqlaşmaqdır. Bu səbəbdən aşağıdakı məsləhətlərə önəm verilməlidir:
- Alkoqol qəbulunu minimuma endirmək və ya tamamilə dayandırmaq
- Xolesterinin qandakı səviyyəsini nəzarət altında saxlamaq, şəkər və doymuş yağların qəbulunu azaltmaq
- Arıqlamaq
- Qanda şəkərə nəzarət etmək və s.
Bunlardan əlavə pasiyentdə artıq çəki və sağlıqlı olmayan qidalanma rejimi də varsa, həkiminiz sizə uyğun fiziki aktivlikləri və pəhriz planını da əlavə olaraq seçəcəkdir. Hər gün yediyiniz kalori miqdarını azaltmaq, həm çəki verməyinizə, həm də qaraciyərdə piylənmə prosesini azaltmaqda sizə yardımçı olacaqdır.