Pankreatit nədir? Xroniki pankreatitin müalicəsi
Pankreatit nədir?
Pankreatit mədəaltı vəzin iltihabına deyilən xəstəlikdir və klinik gedişinə görə kəskin və xroniki formaları vardır. Kəskin pankreatit mədəaltı vəzin kəskin iltihabi xəstəliyi olub, pankreas axacağının obturasiyası, axacaqdaxili təzyiqin artması, oradakı qeyri-aktiv fermentlərin aktiv formaya keçməsi və s. səbəblərdən yaranır. Xroniki pankreatit isə mədəaltı vəzin getdikcə proqressivləşən iltihabi-sklerotik xəstəliyi olub, ekskretor və endokrin funksiyaların pozulması ilə müşaiyət olunur. Son vaxtlar bu xəstəlikdən əziyyət çəkən insanların sayı xeyli artıb. Səbəb isə çox vaxt alkoqolizm, öd kisəsi və öd yollarının, mədə və bağırsağın xronik xəstəliklərinin artmasıdır.
Xroniki pankreatit nədən yaranır?
Xroniki pankreatit az hallarda birincili baş verməklə qida rejiminin pozulması, qıcıqlandırıcı və yağlı xörəklərin tez-tez qəbul edilməsi, alkoqolizm, qidaların keyfiyyətsizliyi (vitamin, zülal, mikroelement çatışmazlığı), ağır metal birləşmələrilə (qurğuşun, civə, fosfor) intoksikasiya, arterioskleroz, işemiya kimi səbəblərdən inkişaf edə bilər. Əksərən isə xəstəlik ikincili olaraq xroniki qastrit, xolesistit, duodenit, enterit, kəskin infeksion xəstəliklər (parotit, qrip), hiperlipidemiya, travma, yanıqlar və sair nəticəsində yanaşı xəstəlik kimi meydana çıxır.
Xroniki pankreatit necə inkişaf edir?
Xroniki pankreatitin patogenezi vəzin şirəsinin xaric olunmasına maneçilik törənməsi, bununla da axacaqlarda durğunluq yaranması nəticəsində tripsin və lipazanın fəallaşaraq, parenximaya zədələyici təsir göstərməsilə əlaqədardır. Sonuncu hal vəzdə birləşdirici toxumanın inkişafına, sonra da sklerozlaşma, çapıqlaşma, büzüşmə, ekskretor və endokrin funksiyaların pozulmasına gətirib çıxarır. Mədəaltı vəzin infeksiyalaşması isə əksərən pankreatoduodenal reflüks nəticəsində baş verir. Pankreas şirəsinin ifrazına maneçilik əsasən, axacağın spazmı, stenozu, iltihablı ödemi, onun qum, daş və ya şişlə tutulması zamanı yaranır. Öd yollarının, onikibarmaq bağırsağın Oddi sfinkterinin diskineziyası xoledoxopankreatik reflüks törədir. Pankreas axacağına ödün atılması isə öz növbəsində qıcıqlanmaya və reaktiv iltihaba səbəb olur. Morfoloji olaraq, xronik pankreatit zamanı iltihabi infiltrasiya, qranulyasiya ocaqları, birləşdirici toxumanın inkişafı ilə yanaşı orada kistalar, kalsifikatlar, axacaqlarda deformasiyalar, ocaqlı və diffuz çapıqlaşmalar tapıla bilər.
Pankreatitin əlamətləri nələrdir?
Xəstəliyin klinik mənzərəsi ağrıdan, dispeptik əlamətlərdən, ekzo- və endokrin funksiyaların pozulması sindromlarından ibarət olur. Başqa sözlə, xronik pankreatitin klinik əlamətləri çox müxtəlif olur. Bunların arasında əsas simptomlar qida qəbulu ilə əlaqədar olaraq, sol qabırğaaltı və ya qarın üstü nahiyədə baş verən ağrı, dispeptik hallar, pankreas mənşəli ishal, köpmə, arıqlama, ikincili yaranan şəkərli diabet və s.-dir. Ağrı çox vaxt «kəmərləyici» xarakter daşımaqla yanaşı ürək nahiyəsinə, sol çiyinə, qola, sol kürəyə ötürülür. Ağrı əksərən yağlı və ədviyyatlı qida, çoxlu alkoqol qəbulundan demək olar ki, 1-2 saat sonra şiddətlənir. Bu vaxt xəstələr yarımoturaq və bir qədər də önə əyilmiş şəkildə məcburi vəziyyət alırlar. Bundan başqa xəstələrdə gəyirmə, öyümə, qusma, meteorizm, iştahsızlıq da qeyd edilir. Şəkərli diabet inkişaf etdikdə tez-tez acıma və susama meydana çıxır. Defekasiya aktı çoxlu miqdarda duru, sıyığaoxşar, üfunətli nəcisin xaric olması, nəcisin yağlı olub, düşdüyü səthə yapışması ilə xarakterizə olunur. Qusma və ishal təkrar olduqda xəstədə dehidratasiya, subfebril hərarət, zəiflik əlamətləri müşahidə edilir. Xronik ishal həmçinin, arıqlama və qanazlığı da törədir. Çox vaxt yanaşı olaraq reaktiv hepatit də inkişaf edir.
Vəzin endokrin adacıqları zədələndikdə qanda və sidikdə şəkərin səviyyəsinin qalxması görünür. Duodenal zondlama vasitəsilə duodenal möhtəviyyatın alınması və sonuncunun yoxlanılması, pankreas fermentlerinin (tripsin, amilaza, lipaza) xaric olunması haqqında məlumat almağa imkan verir. Nəcisin müayinəsi onun tərkibində həzm olunmamış zülal və yağların mövcudluğunu göstərir. Nəcisin rəngi açıq və parlaq olmaqla (işıldayır) yanaşı o, spesifik iyə malik olur.
Xronik pankreatit uzun çəkən xəstəlik olmaqla, getdikcə proqressivləşir və sonradan ikincili şəkərli diabet, hepatit, sirroz, mədəaltı vəzin xərçəngi, amiloidoz kimi ağırlaşa bilər.
Xronik pankreatitin müalicəsi necə aparılır?
Xronik pankreatitin müalicəsində pəhrizin əhəmiyyəti böyükdür. Qəbul edilən qidalar təzə və keyfiyyətli, isti və duru olmaqla yanaşı, həmçinin, piylərin, kremlərin, saxaridlərin və alkoqolun miqdarı tam məhdudlaşdırılmalıdır. Həkim qastroenteroloq tərəfindən pasiyentə uyğun fərdi müalicə planı təyin olunur. Remissiya dövründə fiziki üsullar, mineral sular, sanatoriya və kurort müalicəsi göstərişdir. Xəstəliyin gedişində öd yolları, pankreas axacağı, duodenal keçməməzlik əlamətləri, qanaxmalar, mədəaltı vəzin kistası və ya absesi baş verərsə, cərrahi müdaxiləyə ehtiyac yaranır. Xəstəliyin proqnozu ciddi və xoşagəlməz ola bilər.