skip to Main Content

Qaraciyər böyüməsi. Hepatomeqaliya nədir?

Qaraciyər Böyüməsi. Hepatomeqaliya Nədir?

Qaraciyər orqanizmin ən böyük orqanlarından biridir və orqanizmin ən vacib funksiyalarını öz üzərinə götürmüş bir orqandır. Hepatomeqaliya olaraq bilinən qaraciyər böyüməsi hər hansı bir xəstəliyin əlaməti olaraq ortaya çıxa bilir. Daha ətraflı yazımıza keçməzdən əvvəl pasiyentləri maraqlandıran bəzi nüanslara qısaca nəzər salaq.

Qaraciyər böyüməsinin digər əlamətləri nələrdir?

Qaraciyər hədsiz böyümədikcə heç bir əlamət və ya ağrı görülməz. Lakin böyük ölçülü böyümələr olduğu zaman qabırğa altında şişkinlik və qarın nahiyəsində narahatlıqlar hiss edilə bilər.

Bu kimi hallar təhlükəlidirmi?

Qaraciyər böyüməsi olduqca ciddi bir problemdir və laqeyd yanaşıldıqda ölümcül nəticələrə qədər səbəb ola bilir. Bu səbəbdən vaxt itirmədən mütləq şəkildə müalicəyə başlanılmalıdır.

Hansı həkimə müraciət edilməlidir?

Hepatomeqaliya olduğu zaman qastroenteroloq-hepatoloq ixtisasları üzrə təkmilləşmiş həkimlərə müraciət etməlisiniz.

Qaraciyər böyüməsi (Hepatomeqaliya) nədir?

Qaraciyərin normal ölçüsü yaşa və cinsiyyətə görüə dəyişiklik göstərən bir parametrdir. Qaraciyər tam ölçüsünə təxminən 15 yaşına gəldikdə çata bilir. Adətən kişilər qadınlara nisbətən daha böyük qaraciyərə sahibdirlər. O, orqanizm üçün xolesterin və yağlı qidaların, karbohidartların metabolizmi kimi ciddi funskiyaları yerinə yetirir. Qaraciyər bağırsaqların düzgün həzminin təşkilində və yağların həzmində rol oynayan ödü ifraz edir. Həmçinin dərman və alkoqollu içkilərin qəbul edildiyi zaman zərərli toksinlərin orqanizmdən atılmasına yardımçı olur.

Qaraciyər böyüməsi ayrılıqda bir xəstəlik olmayıb, hər hansı digər xəstəliklərin əlaməti hesab olunur. Hətta bir çox insan Hepatomeqaliyadan xəbərsiz olaraq həyatına davam edir.

Qaraciyər böyüməsinin səbəbləri nələrdir?

  • Sirroz: Bu, qaraciyərin zədələnməsi ilə əlaqədar iş fəaliyyətinin pozulması ilə gedən xroniki bir xəstəlikdir.
  • Hepatitlər: Hepatit A, B, C viruslarının səbəb olduğu infeksiyalar tərəfindən törədilən xəstəliklərə virus hepatitləri deyilir. Həmçinin alkoqolizm, müəyyən dərmanlardan hədsiz istifadə, bakterial infeksiyalar və autoimmun xəstəliklər zamanı da hepatitlər görülə bilər.
  • Qaraciyər yağlanması (Hepatosteatoz): Bu alkoqollu və alkoqolsuz olmaqla iki yerə bölünür. Belə ki, alkoqollu qaraciyər yağlanması hədsiz miqdarda spirtli içkilərin qəbulu ilə yağlı maddələrin toplanması nəticəsində meydana gəlir. Belə hallar sonrakı mərhələlərdə artıq alkoqol hepatiti olaraq adlandırılır. Alkoqolsuz qaraciyər yağlanması isə piylənmə, diabet, qanda xolesterinin miqdarının yuxarı olduğu hallarda görülür.
  • Öd diskineziyası: Qaraciyərdə yağların həzmi zamanı normalda öd kisəsində toplanan öd ifraz edilir. Bu mexanizmdə pozulmalar aşkar edildikdə artıq qaraciyərdə müəyyən zədələnmələr görülür.
  • Şiş və kistalar: Qaraciyər kistaları içərisi maye ilə dolu olan kistalardır. Həmçinin qaraciyərdə görülən şişlər anormal ölçüdə böyüyərək zədələnmələrə yol aça bilir.
  • Digər xəstəliklər: Qaraciyərdə yağ, zülal, dəmir və s. kimi maddələrin toplanmasına səbəb olan bir çox xəstəliklər vardır. Məsələn, amiloidoz qaraciyərdə anormal zülalların toplanmasına səbəb olan bir xəstəlikdir və ya yağlı maddələrin yığılması Gaucher, dəmir toplanması isə hemoxromatoz adlandırılır.

Qaraciyər böyüməsinin müalicəsi varmı?

Müalicə kəskin hallarda aparılmağa başlanılır.

  • Alkoqollu içkilərin yaratdığı hepatomeqaliya zamanı bu vərdişlər mütləq tərgidilməlidir.
  • Hepatitlər zamanı iltihablaşmanı dayandırmaq üçün həkimlər tərəfindən müvafiq dərmanlar təyin olunur.
  • Alkoqolla bağlı olmayan qaraciyər böyüməsi zamanı isə yağlanmanı azaltmaq məqsədi ilə artıq çəkili insanlara idman və pəhriz proqramı təyin olunur.
  • Diabet xəstələrində qanda şəkərin və xolesterinin səviyyəsi daim nəzarət altında saxlanılmalıdır.
  • Qaraciyər xərçəngi və leykozlar zamanı pasiyentlərə kimyaterapiya tətbiq olunur.
  • İstifadə edilən dərmanlar və bitkilərin qaraciyərə olan təsirinə görə diqqətli olmaq lazımdır.
  • Həmçinin siqaret istifadəsinin yuxarıda qeyd olunan səbəblərə aktivləşdirici təsirini nəzərə alaraq bu da məhdudlaşdırılmalıdır.
qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32