Öd qatılaşması – Öd yollarının diskineziyası

Öd diskineziyası motor funksiyanın qalıcı olaraq pozulmasına və tıxanıqlığın yaranmasına səbəb olur. İnsan orqanizminin normal fizioloji quruluşuna nəzər salsaq, görərik ki, öd kisəsi bağırsaqlar və qaraciyər arasında yerləşmişdir. Öd, həzmi asanlaşdırmaq məqsədi ilə bağırsaqların daxilinə ifraz edildiyi zamana qədər qaraciyərdə ehtiyat şəklində kisədə toplanır. Öd kisəsi tamamən boşalmadıqda isə kalsium duzları və ya xolestrol kimi molekulların uzun müddət kisədə qalması nəticəsində öd qatılaşması baş verə bilir.
Öd kisəsində qatılaşma hansı əlamətlərlə özünü göstərir?
Öd qatılaşması olan bəzi insanlar heç bir əlamət hiss etməzlər və bundan xəbərdar olmazlar. Ancaq ümumilikdə öd kisəsində qatılaşma əlamətləri iltihab və ya daşlar əmələ gəldiyi zaman müşahidə edilir. Öd qatılaşması olduğu zaman ilk əlamət çox zaman sağ qabırğa altında hiss edilən qarın ağrısıdır. Belə ağrılar yeməkdən qısa bir müddət sonra arta bilir. Digər əlamətlərə isə aşağıdakılar aid ola bilər:
- Döş qəfəsində ağrı
- Sağ çiyin ağrısı
- Ürək bulanma və qusma
- Nəcisdə dəyişikliklər
Öd diskineziyası 2 formada mövcud olur:
- Hiperkinetik diskineziya
- Hipokinetik diskineziya
Hiperkinetik diskineziya öd kisənin güclü yığılması və öd sancısı kimi özünü büruzə verir. Əsasən sağ qabırğa altı nahiyədə qısa müddətli bərk sancılar baş verir. Bu ağrılar çox zaman öd daşı sancılarını xatırladır. Ağrılar sağ çiyinə, sağ kürək altı nahiyəsinə vurur.
Hipokinetik diskineziyada öd kisəsinin tonusdan düşməsi nəticəsində öddə boşalma prosesi zəifləyir, sağ qabırğa altı nahiyədə küt ağrılar müşahidə olunur. Bundan başqa, xəstələr iştahsızlıqdan, ağızda acılıqdan, köpdən, qəbizlikdən şikayətlənirlər.
Öd qatılaşması nədən yaranır?
Öd, öd kisəsində çox uzun müddət qaldıqda, yəni həzm sisteminə qoşulmadıqda qatılaşma meydana gəlir. Bu şikayətlər adətən ciddi diet rejimində olan insanlarda, xüsusilə bəzi qidaları yemək rasionundan tamamilə çıxarıb, məhdud yeməklərlə qidalananlarda rast gəlinir. Həmçinin qeyri-müntəzəm qidalanma zamanı və sinir mənşəli də ola bilirlər. Doğuşa nəzarət üçün dərman qəbul edən qadınlarda da belə hallar sıx görülməkdədir.
Öd kisəsində diskineziya necə aşkar olunur?
Qarında ağrılar varsa, mütləq bir qastroenteroloq müayinəsində olmalısınız. Həkiminiz müayinə zamanı qarında olan ağrıların düzgün lokalizasiyasını müəyyən etmək üçün əllə palpasiya icra edəcəkdir. Daha dəqiq fikir söyləmək üçün isə təbii ki USM müayinəsi mütləqdir. Əgər USM müayinəsində öd qatılaşması aşkar olunarsa, bu halın yaranma səbəbi araşdırılmağa başlanacaqdır. Çox ehtimal ki, bəzi laborator testlər etiologiyanı öyrənməkdə həkimə yetərli olacaq. Əlavə olaraq, qaraciyərin funskiyasının tamlığını öyrənmək məqsədi ilə də müəyyən sınaqlar aparıla bilər. Bəzən isə bu şikayətlər yalnızca təsadüfən hər hansı bir müayinə zamanı da aşkarlana bilir.
Ödün qatılaşması gələcəkdə nələrə səbəb ola bilər?
Öd kisəsində qatılaşma bəzən heç bir əlamət göstərmədən və ya müalicəyə ehtiyac olmadan yaxşılaşa bilir. Digər hallarda isə öd daşlarının yaranmasına səbəb olur. Öd daşları isə qarının üst hissəsində ağrıların meydana gəlməsinə şərait yaradır və bu zaman cərrahi əməliyyat gərəkli ola bilir. Bəzi hallarda isə belə daşlar öd yollarında tıxanıqlığa da səbəb olur. Bu isə təcili bir vəziyyətdir və dərhal müalicə tələb edir.
Öd kisəsində diskineziya iltihabın, xolesistitin göstəricisi də ola bilir ki, bəzən həkimlər ödün tamamən götürülməli olduğunu da məsləhət görə bilərlər.
Öd qatılaşması kəskin pankreatitə də səbəb ola bilər. Bu isə mədəaltı vəzin fermentlərinin bağırsağa keçməmiş aktivləşməsi deməkdir. Bu cür iltihablar isə sistemik əlamətlər yaradaraq, hətta şok və ölümə belə gətirib çıxara bilir.
Öd diskineziyası necə müalicə olunur?
Xəstəliyin müalicəsində əsas yeri pəhriz tutur. Yağlı-piyli qidalardan, spirtli içkilərdən imtina olunmalıdır. Yeməklər az-az, tez-tez yeyilməlidir.
Öd kisənin hipotonik formasında öd kisəsinin tonusunu artıran dərman vasitələri təyin edilir. Xəstəliyin hiperkinetik növündə spazmı aradan qaldıran dərmanlar istifadə olunur.
Öd kisəsinin hipokinetik diskineziyasında kor duodenal zondlama (tubaj) aparılır. Tübajı 10 gündən çox etmək olmaz. Sonrakı günlər öd qovuculardan istifadə etmək olar. Öd yollarının diskineziyasında kompleks müalicə fonunda kvant-lazer müalicəsi də müsbət nəticə verir.
Öd kisəsi xəstəlikləri barədə Qastroenteroloq Dr. Ülvi İbrahimovun video reportajından da ətraflı məlumatlar ala bilərsiniz:
