skip to Main Content

Köp olduqda nə etməli? Köp nədən yaranır?

Köp Olduqda Nə Etməli? Köp Nədən Yaranır?

Köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır. Bağırsaq bakteriyaları tərəfindən udulan havayla bərabər, həmçinin yeyilən yeməklərlə birgə ağızdan alınan hava nəticəsində həm mədədə, həm də bağırsaqlarda yaranan köp sancıya səbəb olur. Bu nahiyələrdə əmələ gələn köpün miqdarı həddən artıq olarsa və yığılmış qazlar hər hansısa bir formada xaricə atılmazsa, sıxışma meydana gələr və belə sıxışmalar sancıya səbəb olar.

Köp bir sağlamlıq problemi olsa da, bir çoxları tərəfindən görməzdən gəlinən şikayətlər arasındadır. Mədə-bağırsaqda yığılan qazlar toplandıqca narahatlığa və sancılara səbəb olmağa başlayır ki, bu səbəbdən belə qazları orqanizmdən çıxarmaq olduqca önəmli bir məsələdir.

Köp nədən yaranır?

  • Qəbizlik

Sərtləşən və daha qatı bir formaya çevrilən nəcis kütləsinin orqanizmdən atılmasının çətinləşiyi bir hal olan qəbizlik bağırsaqların hərəkətliliyinin azalmasına səbəb olur. Bağırsaqlarda hərəkətlilik azaldığı zaman mədə-bağırsaqda qazların yığışması baş verir. Bu kimi hallarda qaz sancısının ilkin əlaməti kimi qarının aşağı hissələrində sancı və şişkinlik hiss olunur. Təbii ehtiyaclar ödənildikdə və qazların orqanizmdən çıxarıldığı hallarda sancılarda da azalma görülür.

  • Dispepsiya

Laktoza tərkibli qidaların qəbulu sonrasında qarının aşağı hissəsində sancılar əmələ gəlir. Adətən süd içdikdən sonra süd məhsullarına qarşı həssaslıq göstərənlərdə bu kimi köp yaranma ehtimalı yüksəkdir. Mədə problemi olan, ya da bəzi maddələrin həzmində çətinliklərlə qarşılaşan insanlar sancıdan qurtulmaq üçün toplanmış qazları çıxarmaq məcburiyyətindədirlər.

  • Hava udmaq

Nəfəs alıb verdikdə və ya yemək yedikcə təbii olaraq bir miqdar hava udula bilinir. Lakin saqqız çeynəmək, pipetka ilə bir şeylər içmək, siqaret çəkmək, sürətli yemək yemək və ya yemək yeyərkən danışmaq, yeməkləri çeynəmədən udmaq isə udulan hava miqdarını daha da artırır. Havanın udulması köpün yaranmasına səbəb olur və qaz sancısı kimi şikayətlər yaranmağa başlayır.

  • Bəzi qidalar

Demək olar ki, istifadə etdiyimiz bütün qidalarda bir miqdar karbohidrat vardır. Lakin lobya, kələm, soğan, gül kələmi, ənginar, mərci, quru üzüm, brokoli, ərik qurusu kimi qidalar karhobidratla olduqca zəngin olduğu üçün bəzi zamanlarda bu yeməklərin həzmində problemlər yaşana bilər və köp yaranar. Həmçinin kartof, makaron kimi nişasta tərkibli qidalardan da çox istifadə etmək, düzənsiz qidalanmaq, yeməkləri ikinci dəfə isidib yemək də qaz sancısına səbəb ola bilir.

  • Çölyak xəstəliyi

Qlütein arpa, buğda və çovdarda rast gəlinən ortaq bir proteindir. Qlüteinə qarşı həssaslığı olan insanlarda nazik bağırsaqda qlütein həzmində çətinliklər yaşanmaqdadır. Bu kimi çətinliklərlə bərabər şişkinlik də ortaya çıxar və qaz sancısı meydana gələr. Belə pasiyentlər qlüteinli qidalar istifadə etmədikcə hər hansı bir şikayətləri görülməz.

  • Mensturasiya zamanı

Bir çox qadında mensturasiya dönəmindən bir neçə gün əvvəl köp görülə bilər. Mensturasiya dövründə köp azalmağa başlayır. Digər tərəfdən erkən hamiləlik dövründə progesteron hormonunun yüksəlməsi bağırsaq əzələlərinin boşalmasına və hərəkətliliyin azalaraq qazların yığılmasına səbəb ola bilir.

  • Bağırsaq iltihabları

Salmonella ilə E. Coli kimi bağırsaq iltihablarına səbəb olan belə bakteriyalar səbəbindən mədə ağrıları və köp meydana gələ bilər. Belə hallarda qaz sancıları ilə yanaşı ürək bulanma, halsızlıq, qızdırma, ishal kimi şikayətlər də görünməkdədir.

  • Lifli qidalardan çox istifadə etmək

Son zamanlar faydalı olduğu üçün insanlar tərəfindən çox istifadə olunan lifli qidalar həzm sisteminin işinin normallaşmasına olduqca müsbət təsir göstərirlər. Lakin belə qidalar köpün yaranmasına səbəb ola bilərlər. Liflərlə çox zəngin olan paxlalılar, taxıl məhsulları, meyvə və tərəvəzlər köp yarada bilir.

Köp nədən yaranır

Çıxarılan qazların xoşagəlməz iyli olması nəyin göstəricisidir?

Nə ediriksə edək, heç cür qurtula bilmədiyimiz və bizi cəmiyyət arasında utandıran və özəlliklə də pis qoxulu qazlar həzm sistemində hər hansısa bir pozuntudan xəbər verməkdədir. Həzm üçün gərəkli olan fermentlərin ifraz olunmaması, bağırsaq florasının pozulması, patogen bakteriyaların mövcudluğu pis iyli qazların yaranmasına səbəb olur.

Köpün müalicəsi necə aparılır?

Köpün müalicəsi üçün bir sıra müxtəlif üsullar tətbiq oluna bilər. Buna həm dərmanla terapiya, həm də müəyyən diet proqramlarına riayət etmək misal göstərilə bilər.

  • Dərmanla müalicə

Həkim pasiyenti tam müayinə etdikdən sonra qazın orqanizmdən atılmasına kömək edəcək bəzi dərmanlar təyin edəcəkdir. Daha ciddi problemlərdə antiasit və antibiotik terapiya da tətbiq oluna bilər, lakin bunlar mütləq həkim nəzarəti altında istifadə olunmalıdırlar.

  • Pəhriz

Tez-tez köp şikayəti yaşayan şəxslərə həkim tərəfindən fərdi pəhriz planı tətbiq olunur. Çox yağlı, qızardılmış yeməklərdən uzaq durmalı, müəyyən müddətlik lifli qidalardan istifadə edilməməlidir.

Köp zamanı nə etmək olar?

Bir stəkan ilıq su içərək rahatlama hiss edə bilərsiniz. Üzərinizdə dar geyimlər varsa, dərhal onları daha rahat geyimlərlə dəyişdirməniz məsləhətlidir. Üzü üstə uzanmaq da müəyyən qədər yardımçı olur. Qarın nahiyəsinə masaj edərək də qazın atılmasını sürətləndirmək mümkündür.

Köpün yaranmasının qarşısını almaq üçün bəzi məsləhətlər

  1. Yeməyin hər parçasını ən azı 10 dəfə çeynəmək
  2. Yeməyin birini udmamış, ikincini ağıza almamaq
  3. Bikarbonat tərkibli (soda) və gəyirməyə səbəb olan içkilərdən istifadə etməmək
  4. Yemək yedikdən sonra az da olsa yürüyüş etmək
  5. Həzmi asanlaşdıran qidalar yemək. Probiotik tərkibli turşu, pendir, sirkə kimi qidalardan istifadə etmək
  6. Günorta və axşam yeməyində daha yüngül yeməklər yemək və s.

Bir çox insan tərəfindən önəmsənilməyən köp şikayətləri hər hansısa bir ciddi xəstəliyin əlaməti ola bilər. Düzgün diaqnoz və müalicə üçün mütləq qastroenteroloq müayinəsindən keçməyiniz məsləhətdir.

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32