Mədə yırtığı (Diafraqmanın qida borusu dəliyinin yırtığı)
Müxtəlif səbəblərə bağlı olaraq mədə ilə əlaqədar yaranan hər hansı bir şikayət sağlamlığa ciddi dərəcədə təsir edir. Bir sıra anatomik pozulamalara bağlı olaraq mədənin üst hissəsində yerləşən əzələlərdəki boşalma səbəbindən mədə yırtığı kimi şikayətlər ortaya çıxa bilir və müalicə edilmədikdə daha ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Qarın daxili təzyiqin artması ilə ortaya çıxan mədə yırtığı, eyni zamanda qarın nahiyəsində çox miqdarda yağlanma nəticəsində də meydana gələ bilir.
Mədə yırtığı nədir? (Diafraqmanın qida borusu dəliyinin yırtığı)
Mədə yırtığı digər adla diafraqmanın qida borusu dəliyi yırtığı kimi adlandırılır. Mədə yırtığı anatomik olaraq mədənin üst hissəsindəki əzələlərinin gücsüzləşməsi və belə əzələlərin qida borusuna doğru keçməsi ilə ortaya çıxan bir şikayətdir. Döş boşluğu ilə qarın boşluğu arasında onların bir-birindən ayrılmasını təmin edən diafraqma bilavasitə mədənin üzərində yerləşdiyi üçün burada olan hər hansı bir yırtılma mədənin yemək borusu tərəfə keçməsinə səbəb olur.
Mədə yırtığının səbəbləri
- Yaş
Yaşın artmasına bağlı olaraq anatomik quruluşdakı pozulmaların getdikcə rast gəlmə tezliyi daha da artır. Mədə nahiyəsindəki boşalma və zəifləmələr əzələ sisteminin pozulmasına və pozulan hissələrin diafraqmadan döş boşluğuna keçməsinə səbəb olur. Adətən 50 yaş və yuxarı insanlarda bu kimi şikayətlər daha çox görülməkdədir. 65 yaşdan yuxarı insanların isə demək olar ki yarısında buna rast gəlinir.
- Ağır fiziki yük qaldırmaq
Ani bir şəkildə və yanlış formada ağır yük qaldırmağa çalışmaq mədə yırtığına səbəb ola bilər.
- Davamlı qusma
Yemək şikayətləri ya da başqa bir xəstəliklə əlaqədar olaraq tez-tez qusan şəxslərdə mədə yırtığı xəstəliyinə daha çox rast gəlinir. Qusma səbəbi ilə həm mədədə, həm də qida borusunda ciddi şikayətlər ortaya çıxar və qarşısı alınmadıqda mədə yırtığı əmələ gələr.
- Hıçqırma
Hıçqırma nəticəsində mədə yuxarıya doğru hərəkət edir. Çox saylı hıçqırırqlar olduğu zaman mədənin üst hissəsinin qida borusunun arxa hissəsinə keçməyinə zəmin yaratmış oluruq ki, bu da gələcəkdə mədə yırtığına səbəb olur.
- Qarın daxili təzyiqin yüksək olması (meteorizm, qəbizlik, hamiləlik və s.)
Qarın daxili təzyiqin artması ilə bütün orqanlar üzərində bu təzyiq hiss edilir və əzələli bir quruluşa sahib olan mədə də bu təzyiqdən mənfi şəkildə təsirlənən bir orqandır. Həmçinin, irsiyyətlə bağlı olaraq, bağırsaqların hərəkətliliyi çox olan insanlarda da qarın daxili təzyiqin yüksək olduğu görülmüşdür. Xroniki öskürək də həmçinin mədənin tez-tez yuxarıya doğru hərəkətinə səbəb olur və qarın daxili təzyiqi artıraraq xəstəliyin yaranma inkişafını da artırır.
- Stres və yüksək çəki
Bir çox xəstəliyin yaranmasına şərait yaradan stres mədədəki fiziologiyanın pozulmasına da səbəb olur və mədə yırtığının yaranmasında iştirak edən faktorlardan biridir. Həmçinin bütün həzm sisteminə mənfi təsir göstərən artıq kilolar da yağlanmayla bərabər qarın daxili təzyiqin artmasına və mədənin düzgün işləməməsinə səbəb olur. Bunun nəticəsində də mədə yırtığı yarana bilir.
Mədə yırtığının əlamətləri hansılardır?
- Udmada problemlər
Mədə yırtığının aşkar olunmasını müəyyənləşdirmək üçün ilk baxılan, udma prosesinin necə icra edilməsidir. İlk mərhələlərdə çox da narahatedici bir udma problemləri görülməsə də, sonrakı mərhələlərdə udqunma hədsiz çətinləşə bilir.
- Mədədə yanma
- Gəyirmə və qusma
Mədə yırtığı zamanı ən çox rast gəlinən şikayətlərdən biri də gəyirmədir. Diafraqmaya təzyiq göstərən yırtıqla əlaqədar olaraq köp meydana gəlir və tez-tez gəyirmə ehtiyacı olur. Daha da irəliləmiş mərhələlərdə pasiyentlərdə qusma şikayətləri də olur ki, bəzən qan da görülə bilir.
- Nəfəs almaqda çətinliklər (öskürək, boğulma və s.)
- Səs tellərində zədələnmələr
- Ağıza suyun və yemək artıqlarının qayıtması
Mədə yırtığına bağlı olaraq reflüks xəstəliyi də görülə bilər. Yeməklərin düzgün qaydada mədədə həzm edilməməsi nəticəsində yeməklər və digər mayelər mədənin üst hissəsində sıxışaraq qida borusuna və ağıza geri qayıda bilərlər. Mədə yırtığınız varsa, əyilərkən və ya yatarkən bu şikayətlərlə qarşılaşa bilərsiniz.
- Yerli ağrılar
Yırtıq olduğu zaman ağrılar sadəcə mədədə hiss edilməyib, həmçinin döş sümüyündə və arxasında da görülə bilər. Həzm sistemində problemlərə bağlı olaraq böyrək və bağırsaqlarda da ağrılar ola bilir.
Mədə yırtığının müalicəsi
- Dərmanla müalicə
Mədə yırtığının müalicəsi zamanı ilk tətbiq olunan müalicə dərman terapiyasıdır. Həm digər mədə xəstəliklərin qarşısını almaq, həm də yırtığın mənfi təsirlərini azaltmaq üçün mədə turşuluğunu neytrallaşdıran dərman preparatlarından istifadə olunur. Buraya həmçinin pəhrizi, eyni zamanda, az-az tez-tez qidalanma, kəskin qıcıqlandırıcı qidalardan kənar durmaq, yemək arası maye qəbulu və s. aid edə bilərik.
- Cərrahi əməliyyat
Mədə yırtığı əməliyyatı riskili bir əməliyyat olsa da, peşəkar briqadalar tərəfindən icra edildiyi zaman xəstəliyin mənfi təsirləri ciddi şəkildə azalır. Əməliyyat sonrasında isə sağlamlığınızı qorumaq, yediklərinizə fikir vermək, yaşam tərzinizə diqqət etmək və həkiminizin təyin etdiyi dərmanları mütləq istifadə etmək lazımdır.
Mədə yırtığı müalicə edilməzsə nə olar?
Mədə yırtığı irəlilədikcə yuxarı mərhələlərdə həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur və başqa xəstəliyin yaranma ehtimalı artır. Belə ki, reflüksdən mədə xorasına və eləcə də qastritdən tutmuş mədə xərçənginə kimi bir çox digər xəstəliklərə səbəb ola bilir.