Kron xəstəliyi nədir, müalicəsi necə aparılır?
Kron xəstəliyi nədir?
Bu xəstəlik bağırsağın iltihabi xəstəliyi olub, xroniki şəkildə davam edir. Dəqiq səbəbi bilinməyən Kron xəstəliyinin yaranmasında genetik faktorlarla yanaşı həzm sisteminin öz quruluşu, bakteriya və virusların təsirləri də əhəmiyyətli rol oynayır. Bu kimi faktorlar birbaşa xəstəliyin meydana gəlməsinə səbəb olmasa da, təşviqedici rol oynamaqdadırlar. Mütəxəssislər siqaret istifadəsinin də ciddi risk amili olduğunu söyləyirlər.
Autoimmun proseslər immun sisteminin yüksək həssaslığına verilən addır. Kron xəstəliyinin yaranma səbəblərindən biri də orqanizmin öz sağlam hüceyrələrini yanlışlıqla zədələnməsi hesab edilir. Həmçinin, aspirin kimi dərmanlar, antibiotiklər, doğum kontrol dərmanları, hədsiz yağlı qidalarla qidalanma da xəstəliyin yaranma riskini artırır.
Kron nazik bağırsaqdan başlayaraq ağız boşluğuna qədər bütün həzm sisteminə yayılan bir xəstəlikdir. Adətən nazik və yoğun bağırsaqda iltihablaşmalar görülür və bu iltihabla bərabər xoralar (yaralar) meydana çıxır. Bu səbəbdən də xəstəliyin müalicəsi də uzun müddət çəkir.
Kron xəstəliyinin əlamətləri
Şiddətli ishal ilə birgə qarın ağrısı, bədən temperaturunun bir qədər qalxması, çəki itkisi ilə özünü büruzə verən Kron xəstəliyi həkimlər tərəfindən kolit, appendisit, bağırsaq vərəmi və yumurtalıqla bağlı xəstəliklərlə qarışdırıla bilir. Bu səbəbdən xəstəliyin gedişi diqqətlə izlənilməlidir.
- Qarın ağrısı
- İshal
- İştahsızlıq
- Çəki itkisi
- Uşaqlarda inkişaf pozulmaları
- Hərarət
- Halsızlıq və yorğunluq
- Qanazlığı (anemiya)
- Qəbizlik
- Ürəkbulanma və qusma
Kron və kolit xəstəliyi arasında fərqlər nələrdir?
- Kron xəstəliyi ağızdan başlayaraq anal dəliyə qədər hər bir nahiyədə yarana bilir, ancaq daha çox nazik bağırsğın sonu və yoğun bağırsağın başlanğıcına təsir edər. Kolit xəstəliyi isə ancaq yoğun bağırsaqda görülür.
- Kron xəstəliyində bağırsağın bütün təbəqələri zədələnə bilsə də, Kolitdə ancaq yoğun bağırsağın daxilindəki üst qatlarda zədələnmələr görülür.
Bax: Kolit nədir, əlamətləri və müalicəsi
Diaqnoz necə qoyulur?
Xəstəliyin diaqnozunu qoymaq bəzən ciddi çətinliklər yaratmaqdadır, çünki görülən əlamətlər digər xəstəliklərlə qarışıqlıqlara səbəb olur. Aparılan müayinələr nəticəsində həkim Kron xəstəliyindən şübhələnərsə, diaqnozu təsdiq etmək üçün aşağıdakı əlavə müayinələri edə bilər:
- Kolonoskopiya
- Endoskopiya
- Biopsiya
- MRT və ya KT
Bu xəstəlik ən çox kimlərdə görülməkdədir?
Kişilərlə müqayisədə qadınlarda daha çox görülür, uşaqlarda isə 6-7 yaş arasında rast gəlinə bilir. Xroniki bir xəstəlik olduğu üçün uşaq yaşlarından başlayaraq yetkin yaşlara qədər davam edə bilir. Statistik rəqəmlərə görə hər 100 000 adamdan birində rast gəlinir.
Kron xəstəliyinin müalicəsi
Qarın ağrısı ilə birgə şiddətli ishala səbəb olan Kron xəstəliyinin müalicəsində dərman terapiyası ilə yanaşı cərrahi müdaxilə də gərəkli ola bilər. Lakin tətbiq edilən bu müalicə üsulları tam nəticə göstərə bilmirlər. Xroniki bir xəstəlik olması səbəbindən tətbiq olunan müalicələr sadəcə əlamətlərin azaldılması üçündür.
Kron xəstəliyində ən vacib müalicə metodu pəhrizdir. İnsandan insana dəyişən bu pəhriz proqramı xəstəyə fərdi olaraq hazırlanmalıdır. Hansı qidaların xəstəliyin əlamətlərini şiddətləndirdiyi, ya da hansı qidaların daha yaxşı təsir etdiyi kimi nüanslar diqqətə alınmalı və bu şəkildə pəhriz proqramı hazırlanmalıdır.
Bu xəstəlik barədə Qastroenteroloq Dr. Ülvi İbrahimovun video reportajından da ətraflı məlumatlar ala bilərsiniz: