skip to Main Content

Kolit xəstəliyi nədir, əlamətləri və müalicəsi

Kolit Xəstəliyi Nədir, əlamətləri Və Müalicəsi

Kolit yoğun bağırsağın selikli və selikaltı qişasının iltihabı xəstəliyinə deyilir. Onun gedişinə görə kəskin və xroniki formalarını ayırd edirlər.

Kəskin kolit. Adətən kəskin forma – diffuz (yayılmış) kolit rast gəlinir ki, o da əksər hallarda kəskin enteritlə müştərək şəkildə müşahidə edilir. Onun etiologiyasında infeksiya, qida zəhərlənmələri, kobud və toksik qidaların qəbulu, bəzən isə autoimmun mexanizm rol oynayır. Xəstəliyin patogenezi infeksion və digər zədələyici amillərin yoğun bağırsağın selikli qişasına göstərdiyi birbaşa təsirlə, yaxud da mikrob və toksinlərin hematogen yolla yoğun bağırsaq divarına etdiyi zədələyici təsiri ilə əlaqədardır.

Kəskin kolitin əlamətləri nələrdir?

Xəstəlik kəskin olaraq, qarın nahiyəsində spastik ağrı, ümumi əzginlik, iştahsızlıq və ishalla başlanır. Bağırsaq möhtəviyyatı duru olub, selik və qanla xaric olur. Gün ərzində 15-20 və daha çox defekasiya (nəcis ifrazı) çağırışları baş verir. Bəzən hərarət 38°-yə qədər və daha çox yüksəlir. Dil boz və ya bozumtul-çirkli rəngdə ərplə örtülür, bəzən intoksikasiya əlamətləri ön plana çıxır (baş ağrısı, mialgiya, öyümə, ürək döyünmələrinin artması). Əllə müayinədə yoğun bağırsaqlar boyunca ağrı, qurultu müəyyən edilir. Diaqnostik müayinə zamanı yoğun bağırsağın selikli qişasında hiperemiya, selikli, selikli-irinli və ya selikli-irinli-qanlı möhtəviyyat görünür. Ağır hallarda eroziya və qansızmalar, xoralaşma nəzərə çarpır. Qanda leykositoz, EÇS-nin artması müşahidə olunur.

Müalicə ambulator şəraitdə və ya stasionarda antibakterial və antiparazitar dərmanlarla aparılır, xəstəyə pəhriz təyin olunur. Lazım olduqda ağrıkəsici preparatlardan da istifadə oluna bilər.

Xroniki kolit. Mədə-bağırsaq sistemi xəstəlikləri içərisində bu xəstəliyə çox təsadüf olunur. Yoğun bağırsağın selikli qişasının iltihabi-distrofik zədələnməsilə səciyyələnir. Ən çox 20-60 yaşlar arasında qadın və kişilər arasında eyni tezlikdə rast gəlinir.

Kolit xəstəliyi nədir?

Kolit nədən yaranır?

Xəstəliyin etiologiyasında keçirilmiş kəskin bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz), parazit invaziyaları (qurd xəstəlikləri, lyambliyoz, balantidiyoz, amöbioz, trixomonaz), qida rejiminin və qida keyfiyyətinin təkrari pozulmaları, alkoqollu içkilərdən sui-istifadə etmə, mədə, pankreas, qaraciyər xəstəlikləri, ağır metal duzları və dərmanlar, şüa radiasiyası, qan dövranında durğunluq və sair amillər rol oynayır.

Yuxarıda göstərilmiş infeksion, toksiki, mexaniki, allergik, zərərli peşə amillərinin yoğun bağırsağın selikli qişasına təkrari və ya bilavasitə (hematogen yolla törətdiyi iltihabi distrofik dəyişikliklər) təsiri, funksional (hərəki, sekretor) pozulmalar xəstəliyin patogenezini təşkil edir.

Morfoloji olaraq, kataral, eroziv, atrofik, məhdud (tiflit, proktosiqmoidit) və difffuz (total) kolitlər ayırd olunur. Xəstəlik kəskinləşmə və remissiya fazaları ilə növbələşir.

Xroniki kolitin əlamətləri

Xəstəliyin əsas simptomlarından biri qarında küt ağrılardır. Bu ağrılar qarnın aşağı və yan sahələrində lokalizə olunmaqla, əsasən, qida qəbulundan sonra və defekasiya aktından əvvəl güclənirlər. Gün ərzində bir neçə dəfə defekasiya aktı baş verir və hər dəfə də az miqdarda selikli, duru nəcis xaric olur. Defekasiya aktı rahatlıq gətirmir, əksinə, bağırsaqda narahatlıq, diskomfort davam edir. Düz bağırsağın terminal hissəsi zədələnmiş olduqda isə anal sindrom (göynəmə, ağrı, tenezm) meydana çıxır və bu hal defekasiya aktından sonra keçmir. İltihab bağırsağın xarici seroz qişasına (adventisiyaya) yayıldıqda perikolit inkişaf edir. Bu halda ağrı daimi şəkil alır, hərəkətlə əlaqədar və palpasiya zamanı ağrı güclənir. Bağırsaqda möhtəviyyat çürüməyə uğradığı üçün güclü köpmə, disbakterioz yaranır. Xəstəliyin gedişində çox vaxt təkrarən ishal və qəbizlik növbələşir.

 

Kolitin müalicəsi

Kolit xəstəliyi zamanı diaqnoz necə qoyulur?

Xroniki kolit üçün nəcisin laborator müayinəsində orada leykositlərin, eritrositlərin, seliyin, həzm olunmamış qida hissəciklərinin, mikrobların tapılması xasdır. Rentgenoloji müayinə yoğun bağırsağın hərəki funksiyasının pozulmasını, atonik və ya spastik halı, deformasiya, çapıq və daralmaları aşkara çıxarır. Rektosiqmokolonoskopiya bağırsağın daxili selikli qişasının zədələnmə dərəcəsini və səciyyəsini müəyyən etməyə imkan verir. Götürülmüş möhtəviyyat və biopsiya materialının histoloji və mikrobioloji tədqiqatı diaqnozu əsaslandırmağa imkan verir. Xəstəliyin kəskinləşmə dövründə qanda leykositoz, EÇS-nin artması, ikincili anemiya tapılır. İnfeksion-allergik və toksiki-allergik mənşəli kolitlərdə isə eozinofiliya da qeyd edilir.

Qeyri-spesifik xoralı kolit

Bu, xroniki kolitin xüsusi bir formasıdır və daha çox siqmada, bəzən isə digər yoğun bağırsaq hissələrində lokalizə olunan qeyri-spesifik xoralı kolitdir. Onun etiologiyası tam məlum olmasa da, autoimmun mənşəli proses sayılır. Xəstəlik yoğun bağırsaqda mukoz və submukoz, irinli-xoralı iltihabla və ərpli-membranoz hissəciklərin bağırsaq möhtəviyyatı ilə xaric olunması ilə səciyyələnir. Xəstələr intensiv qarın ağrısından, selikli-irinli-qanlı ishaldan şikayət edirlər. Palpasiyada bütün yoğun bağırsaq üzrə ağrı müəyyən olunur. Fibrointestinoskopiyada bağırsağın selikli qişasında selik, irin, fibrin və ərplə örtülmüş xoralar, çapıqlaşma və atrofiya ocaqları tapılır. Nəcisin analizi çoxlu miqdarda leykosit, eritrosit, epitel, fibrin və ərp hissəciklərini göstərir, qanda hipoxrom anemiya, hipoproteinemiya, EÇS-nin artması baş verir.

Xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə (pəhriz, dərmanlar) təyin edilir.

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32