skip to Main Content

Öd daşı xəstəliyi. Öd daşları və müalicəsi

Öd Daşı Xəstəliyi. Öd Daşları Və Müalicəsi

Öd daşı ciddi həzm problemlərindən biridir. Normal anatomik quruluşumuza nəzər salsaq əgər, görürük ki, öd kisəsi qaraciyərin altında yerləşir və o, qaraciyərin özünün ifraz etdiyi ödü depolayan bir orqandır. Qaraciyərin bir çox funksiyalarından biri də məhz öd ifrazıdır. Ödün əsas funskiyası qaraciyərdən atılan bir çox toksik maddələri bağırsaq yolu ilə orqanizmdən uzaqlaşdırmaqdır. Öd həmçinin yağların həzmində də vacib rol oynayır. Qaraciyər 24 saat öd ifraz edir. Lakin yeməkdən sonra həzm sisteminin yetəri qədər ödlə təmin olunması məhz öd kisəsindəki ehtiyatlarla mümkün olur.

Öd kisəsində daş nədir?

Ödün tərkibində xolesterin və bir çox duzlar mövcuddur. Bu maddələr arasındakı tarazlığın pozulması isə öd daşı xəstəliyinin yaranmasına səbəb olur. Öd kisəsində daşların ölçüsü bir qum dənəsindən tutmuş bir qolf topu böyüklüyünə qədər ola bilər. Bəzi insanlarda sadəcə bir daş görüldüyü halda, bəzilərində bir neçəsi eyni zamanda görülə bilir. Bunlar sərt kristallik bir kütlə halındadırlar.

Öd daşının əlamətləri nələrdir?

Normalda öd daşı heç bir əlamət və ya simptom göstərməyə bilər. Lakin əgər daş kisəni zədələyərsə və ya öd yollarının tıxanmasına səbəb olarsa, ortaya çıxa biləcək əlamətlər aşağıdakılardır:

  • Qarının üst hissəsində qəfil və artan ağrılar
  • Çiyinlər arasında ağrı
  • Sağ kürək nahiyəsində ağrı
  • Ürək bulanma və ya qusma və s.

Daha şiddətli hallarda əlavə olaraq aşağıdakı simptomlar da görülə bilər ki, hər bir halda mütləq həkimə müraciət olunmalıdır.

  • Qarındakı ağrı o həddə çata bilər ki, pasiyent otura biliməz və ya rahatladıcı bir pozisiya belə ala bilməz.
  • Dəri və gözün ağlı qişasında saralmalar görülə bilər.
  • Titrəmə ilə birgə yüksək temperatur görülər.

Öd daşı nədir? Öd kisəsində daş

Öd daşı nədən yaranır?

Öd kisəsində daşların yaranması ilə əlaqədar tam dəqiq bir fikir yoxdur. Lakin daşların yaranmasında əsas səbəblərdən bəziləri aşağıdakılardır:

  • Öddə çox miqdarda xolesterinin olması. Normalda öd qaraciyər tərəfindən atılan xolesterini əritmək üçün kifayət qədər kimyəvi maddələrə sahibdir. Lakin qaraciyər ödün bacara biləcəyi sərhədlərdən daha çox xolesterin atarsa, çox miqdarda xolesterin toplanaraq əvvəl kristallara, sonra isə daşa səbəb olar.
  • Öddə bilirubin çox olduqda. Bilirubin orqanizmimizdə qırımızı qan hüceyrələrinin parçalandığı zaman əmələ gələn bir maddədir. Bəzi xəstəliklərdə – məsələn; qaraciyər serrozu, öd kisəsi iltihabları və bəzi qan xəstəliklərində bilirubin səviyyəsi artar və bu da öd daşı yaranmasına səbəb olar.
  • Öd kisəsinin lazımi qədər boşaldılmaması. Öd kisəsi tez-tez və lazımi miqdarda boşaldılmazsa, öd qatılaşmasına səbəb olar.

Öd daşı xəstəliyi kimlərdə görülür?

Öd daşı riskini artıra biləcək faktorlar bunlardır:

  • Qadın olmaq
  • 40 yaşdan böyük olmaq
  • Ağır çəkili olmaq
  • Hamiləlik
  • Yağlı qidalardan çox istifadə
  • Yüksək xolesterinli və aşağı lifli qidalar çox yemək
  • Ailədə öd daşı xəstəliyinin olması (irsiyyət)
  • Şəkərli diabet
  • Sürətli arıqlamaq
  • Qaraciyər xəstəlikləri
  • Hormonal preparatlardan istifadə (xüsusilə estrogen tərkibli) və s.

Öd kisəsində daş təhlükəlidirmi? Fəsadlar nə ola bilər?

Daşın olduğu hər yerdə mütləq infeksiya mövcud olur. Bəzən səssizcə irəliləyən bu öd kisəsi xəstəliyi kisənin deşilməsi ilə çox böyük təhlükəli qarın iltihabına (peritonitə), kiçik daşlar isə öd yollarına düşərək orada tıxanıqlılıq yaradaraq sarılığa və pankreatitə belə səbəb ola bilirlər. Və belə xəstəliklər müalicə edilməzsə, ölümcül belə olurlar.

Hətta öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri də məhz öd daşı xəstəliyidir. Həyat üçün təhlükəli olan belə bir haldan qurtulmaq üçün mütləq öd kisəsi götürülməlidir.

Öd daşı xəstəliyinin müalicəsi, Öd daşı əməliyyatı

Öd daşının müalicəsi necə aparılır? Əməliyyatsız mümkündürmü?

Müalicə cərrahi üsulla aparılır. Öd kisəsi, içərisindəki daş və ya daşlarla birlikdə orqanizmdən xaric edilir. Pasiyentləri maraqlandıran digər bir nüans isə böyrək daşlarında olduğu kimi burada da bu daşların qırıla bilinib-bilməməsidir ki, təəssüf ki böyrək daşlarında istifadə edilən bəzi üsullar burada tətbiq oluna bilinməməkdədir. Böyrək daşları kiçik parçalara ayrılıb sidiklə xaricə atıla bilinsə də, qaraciyər və öd kisəsinin anatomik quruluşu belə deyildir. Üstəlik, həkimlər özləri də bunun lehinə deyillər. Çünki xırdalanmış daşların öd yoluna düşməsi daha təhlükəli halların yaranmasına gətirib çıxara bilir. Anatomik quruluşla əlaqədar olaraq öd daşları öd kisəsində olduğu zaman artıq orqanizmdən uzaqlaşdırılmalıdırlar.

Ağızdan qəbul edilən dərmanlarla öd daşını əritmək mümkün olsa da, bu proses aylar və illərlə belə çəkə bilir və müalicə kəsildikdə yenidən daşların yaranma şansı olur. Hətta bəzən dərmanlar ümumiyyətlə kömək etmirlər. Bu tip dərmanlar əməliyyatın riskli olduğu insanlarda istifadə olunur.

Əməliyyatdan sonra pasiyentlərin etməli və etməməli olduğu şeylər nələrdir?

Öd, yağların həzmində iştirak etdiyi üçün əməliyyat sonrasında 2-3 ay  müəyyən narahatlıqlar görülə bilər. Lakin orqanizm yeni anatomiyaya uyğunlaşdıqdan sonra hər şey normaya düşəcəkdir. Heç bir məhdudiyyət qoyulmadan pasiyentlər normal həyatlarını davam etdirə bilərlər.

qastroenteroloq, hepatoloq, endoskopist ülvi ibrahimov
Müəllif: Dr. Ülvi İbrahimov
Əlaqə telefonu: (050) 466 64 32