Öd kisəsində polip nədir, müalicəsi necə aparılır?
Polip nədir?
Polip daxili boşluq olan orqanların (burun dəlikləri, nəfəs borusu, qida borusu, mədə, bağırsaqlar, öd kisəsi və s.) içərilərində orqanın boşluğuna doğru böyüyən bütün patoloji toxuma çıxıntılarına verilən addır. Əgər ümumiləşdirsək, polip termini böyüyən anormal toxuma çıxıntısıdır. Bu cür poliplər müxtəlif formada ola bilirlər. Məsələn, üzəri hamar, təpə şəklində, mantar formada və s. Aşağıdakı şəkildə ümumilikdə polip anlayışı öz əksini tapmışdır.
Öd kisəsində polip nədir?
Əgər yuxarıda deyilənlərə əsaslansaq, öd kisəsində polip, öd kisəsinin divarından boşluğa doğru böyüyən bir patalogiyadır. Belə poliplər 10%-ə qədər insanda müşahidə oluna bilir. 3 tip öd polipləri mövcuddur: adenamatoz, xolesterin tipli və iltihablaşmış forma. Xolesterin forma asan müalicə edilə bilinsə də, adenamatoz forma mütəmadi kontrol müayinə tələb etməkdədir.
Öd kisəsində poliplər hansı əlamətlərə səbəb olur?
Öd kisəsinin polipləri hər hansı xüsusi bir şikayət və ya simptomlara malik deyillər. Çox zaman simptomsuz şəkildə qalmaqdadırlar. Lakin bəzi forma poliplər, xüsusilə öd yollarına yaxın yerləşənlər, öd yollarını tıxayaraq öd daşı xəstəliyinə bənzər şikayətlərə səbəb ola bilərlər. Buna baxmayaraq, belə şikayətləri poliplərlə əlaqələndirməzdən əvvəl bütün digər ehtimallar inkar edilməlidir, çünki ayrılıqda öd kisəsində poliplərin hansısa bir şikayətə yola açması olduqca aşağı bir ehtimaldır.
Öd kisəsinin polipləri nədən yaranır?
Yaradan səbəb hal-hazırda tam aydınlaşdırılmamışdır. Ən vacib səbəb xolesterin hesab olunsa da, öd kisəsi iltihabları və öd daşı da bu xəstəliyə səbəb ola bilir. Qısaca risk faktorlarını aşağıdakı kimi sıralaya bilərik:
- Cinsiyyət (Aparılan bəzi araşdırmalara görə hormonal auraya bağlı olaraq poliplərin yaranma riski qadınlarda daha çoxdur.)
- Yaşlılıq (Bəzi ədəbiyyatlarda 50 yaşdan yuxarı insanlarda xərçəng riskinin daha çox olduğu qeyd edilsə də, bu rəqəm nisbi hesab olunmalıdır.)
- Pəhriz (Bəzi araşdırmalar pəhrizdə hədsiz lifli qidaların istifadəsinin polip yarada biləcəyi görülmüşdür)
- İrsiyyət
- Metabolik pozuntular
- Hepatit B, HİV və s.
Poliplər necə aşkarlanır?
Diaqnostikanın günü-gündən inkişaf etməsi ilə birlikdə artıq günümüzdə bir çox xəstəliklərin diaqnozu çox asanlıqla və erkən mərhələdə qoyula bilinir. Şübhəsiz ki, belə xəstəliklərin biri də öd kisəsi polipləridir. Xəstəyə heç bir narahatlıq verməyən belə poliplər anamnez zamanı şikayətlərlə özünü büruzə vermədiyi üçün yalnız tibbi yoxlanışlardan keçilən zaman aşkarlanırlar. Diaqnoz əsasən ultrasəs müayinəsi ilə qoyulur və pasiyentlər əllərindəki USM-in nəticələri ilə bağlı həkimə müraciət edirlər.
USM öd kisəsində poliplərin diaqnozu üçün olduqca dəqiq və yetərli bir müayinə üsulu olsa da, bəzən həmin poliplərin xərçəngə çevrilmə şübhəsi olarsa, kompyuter tomoqrafiya (KT) və ya maqnit-rezonans tomoqrafiya (MRT) da həkim tərəfindən istənilə bilər.
Öd kisəsi poliplərinin müalicəsi necə aparılır? Müalicə mütləqdirmi?
Müalicə mütləq deyil və pasiyentlər ömrünün axrınacan daimi nəzarətlə poliplə birgə yaşaya bilərlər. Lakin 2 halda müalicə mütləqdir ki, bunlar da aşağıdakılardır:
- Şikayət mövcuddursa;
- Xərçəng şübhəsi varsa.
Hər hansısa bir şikayəti polipin yaratdığını düşünməzdən öncə bütün digər hallar inkar edilməlidir. Yuxarıda da qeyd etdiyimiz kimi əlamətlər digər xəstəliklərə nisbətən polip zamanı daha az görülür. Qarının üst hissəsində ağrının olması və USM zamanı polipin aşkarlanması, hələ o demək deyil ki, ağrının yaranmasının səbəbi məhz polipdir. Əgər heç bir yanaşı xəstəlik tapılmazsa və pasiyentin şikayətləri hələ də davam edərsə, bütün ehtimallar nəzərə alınaraq əməliyyat təklif edilə bilər.
Əməliyyat qərarı verilməsinin ən başlıca səbəbi isə xərçəng şübhəsidir. Xərçəng şübhəsi yaradan aşağıdakı əlamətləri nəzərdən keçirək.
Əsas təhlükəni bildirən polipin ölçüsüdür. 10 mm-dən böyük poliplər xərçəng riski daşımaqdadır ki, bu zaman əməliyyat məsləhət görülür. Lakin bu nüansı diqqətdən qaçırmamalıyıq ki, hər 10 mm-dən böyük poliplər xərçəng riski daşımadığı kimi, hər 10 mm-dən kiçik poliplər də xərçəngə çevrilə bilməz deyə bilmərik. Əgər ümumiləşdirsək, 10 mm-dən kiçik poliplərdə xərçəng riski daha azdır və mütəmadi müayinələrlə nəzarətdə saxlanılmalıdırsa, 10 mm-dən böyük olanlar üçün əməliyyat gərəkli ola bilər. Bəzi müasir ədəbiyyatlarda artıq bu sərhəd 6 mm-ə qədər azaldılmışdır.
Həmçinin, öd kisəsi divarının qalınlaşması və ətraf limfa vəzilərində şişkinliyin olması da həkimə xərçəng şübhəsi üçün müəyyən əsaslar verir.
Unutmayın ki, öd kisəsi polipləri ən çox xolesterinin çox toplanması ilə əlaqədar yarandığı üçün xoş xassəli olurlar və çox az hallarda xərçəngə çevrilirlər.
Aşağıdakı videoda qastroenteroloq Dr. Ülvi İbrahimovun öd kisəsi polipləri haqda olan reportajını izləyə bilərsiniz: